Beynəlxalq əlaqələr şöbəsi

Azərbaycan Respublikası Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra Nazirlik) Aparatının struktur bölməsi olan Beynəlxalq əlaqələr şöbəsi (bundan sonra şöbə) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində Nazirliyin əmək və əhalinin sosial müdafiəsi sahəsində beynəlxalq əlaqələrinin qurulmasını və inkişafını təmin edir;

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasınnın  Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi haqqında Əsasnamə"ni, digər qanunvericilik aktlarını, Nazirliyin Kollegiya qərarlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin (bundan sonra - nazir) əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur; 

Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Nazirliyin digər struktur bölmələri, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasında akkreditasiya olunmuş xarici ölkə səfirlikləri (diplomatik nümayəndəlikləri), konsulluqları və ticarət nümayəndəlikləri (ticarət palataları), o cümlədən Azərbaycan Respublikasında və xaricdə fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlarla (hökumətlərarası, dövlətlərarası), Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xarici ölkələrin əmək və əhalinin sosial müdafiəsi sahəsində fəaliyyət göstərən mərkəzi və yerli icra hakimiyyəti orqanları (nazirliklər, komitələr, agentliklər), assosiasiyalar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və mərkəzləri ilə qarşılıqlı əlaqələr qurur, fəaliyyətini daim Azərbaycan Respublikasının xarici siyasəti ilə uyğunlaşdırır və uzlaşdırır.