Font ölçüsü


Arxa fon rəngi


Şəkilləri gizlət


Mətnlər arası məsafə




Beynəlxalq təşkilatlarla əlaqələr

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla  fəal əməkdaşlıq həyata keçirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dünyanın 30-a yaxın ölkəsinin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan,  İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir. İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır.

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında  əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya mühüm rola malikdir. 2018-ci ilin fevral ayında isə Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti  ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilmiş və iclasın yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanmışdır.

Belarus Respublikası ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri genişlənir. 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Belarus Respublikasına rəsmi rəsmi səfəri çərçivəsində 19 noyabr 2018-ci il tarixdə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Bu sənədlərdən biri kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu” imzalamışlar.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilib. Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin olunub. 2018-ci ilin noyabr ayında Buxarest (Rumıniya) şəhərində Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib.  Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

            2018-ci ilin sentyabr ayında Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən regional konfransda  iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev konfrans çərçivəsində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanaraq, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqda olduğu qeyd edilmişdir.

            Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təşkilata üzv dövlətlər arasında bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələri genişlənir. Bu istiqamətdə mühüm tədbir kimi, 2013-cü ilin aprelində Bakı şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər siyasi  sənədlər qəbul olunmuşdur.  İƏT-in 56 üzv ölkəsindən 36 ölkənin təmsilçiləri, ümumən 200-dən çox nümayəndə, həmçinin beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tədbirdə iştirak etmişlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Azərbaycanda İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qəbul edilərək yekdilliklə  dəstəklənmişdir. Mərkəzin yaradılmasının ötən dövrdə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsinin əsasında Azərbaycanın ötən dövrdə dünyada İslam həmrəyliyinin güclənməsinə, müqəddəs İslam dəyərlərinin təbliğinə verdiyi mühüm töhfələrə, İƏT və üzv ölkələrlə fəal əməkdaşlıq əlaqələrinə görə ölkəmizin İslam aləmində daim artan nüfuzu dayanır. Təşkilatın Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur. Ötən dövrdə Türkiyə və Azərbaycan Hökumətləri tərəfindən imzalanan sənəd bu günlərdə artıq Səudiyyə Ərəbistanı Krallığı Hökuməti adından da imzalanmaqla, Nizamnaməni imzalayan ölkələrin sayı 3-ə çatıb.

İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və  ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

2018-ci ilin fevral ayında isə Azərbaycan Respublikası 2018-2020-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatının Əmək Məsələləri üzrə Rəhbər  Komitəsinin üzvü seçilmişdir.

Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair Azərbaycan Hökumətinin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur.

BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunmuş, 2016-cı ilin 30 sentyabr tarixində isə Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunması və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd,  2017-ci ilin fevral ayında isə “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanmışdır.

BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə 2017-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyası zamanı BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilər keçirilmişdir. Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb. Bu isə  ölkəmizə həmin mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradıb.

BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilmiş, layihə çərçivəsində son illərdə bir qrup ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanmasını nəzərdə tutan  “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunmuşdur. Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasətin və əldə olunan uğurlu təcrübənin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir ifadəsi olaraq, BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilmişdir.

Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətləri hər il Beynəlxalq Əmək Konfransının sessiyalarında, bu sessiyalar çərçivəsində müvafiq mövzularda aparılan müzakirələrdə də fəal iştirak edir, Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, əldə olunmuş uğurlar barədə dolğun məlumatlar təqdim edirlər.

BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır.

Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir.

2018-ci ilin may ayında isə Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği" mövzusunda beynəlxalq konfrans  keçirilmişdir. Beynəlxalq Əmək Təşkilatının Baş direktoru ilk dəfə Azərbaycana səfər edərək, Konfransda iştirak etmişdir.

Azərbaycan Respublikası 1998-ci ildə BMT-nin  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında”, 2008-ci ildə isə “Əlilliyi olan şəxslərin hüquqlarına dair” Konvensiyasına qoşulmuşdur. BMT-nin sabiq Baş Katibi Koffi Annanın Minilliyin Assambleyasında müraciətinə cavab olaraq, dünya miqyasında gənclərin məşğulluğu üzrə şəbəkə yaradılmış və on üzv ölkə gənclərin məşğulluğu üzrə lider müəyyən olunmuşdur. Azərbaycan da həmin on lider ölkə sırasına daxil edilmişdir.  

BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sındakı öhdəliklərin səmərəli icrası üçün məqsədyönlü işlər aparılmış, o cümlədən Konvensiyaya uyğun olaraq  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” yeni Qanun layihəsi hazırlanmış, layihə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsinin də rəy və təklifləri nəzərə alınmaqla təkmilləşdirilmiş və  “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 2018-ci ilin iyul ayında qəbul olunmuşdur. 

Ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən siyasətdə BMT-nin  “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında” Konvensiyasının prinsipləri daim diqqətdə saxlanılır və layiqli şəkildə yerinə yetirilir. Təsadüfi deyil ki, BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinin əməkçi miqrantlarla bağlı Beynəlxalq Konvensiyanın qəbul edilməsinin 25 illiyinə həsr olunmuş Büro iclası Bakıda keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT İnkişaf Proqramının birgə layihəsi olan  “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsi işsiz və işaxtaran şəxslərin əmək bazarına çıxışının dəstəklənməsi üçün qabaqcıl təcrübə əsasında innovativ yanaşmaların tətbiqində mühüm rola malikdir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə icra edilən layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə şəhərlərində, Masallı rayonlarında yaradılan SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) Təlim Tədris Mərkəzləri işsiz və işaxtaran vətəndaşların innovativ metodlar əsasında iş axtarışı bacarıqlarının təkmilləşməsinə öz töhfəsini verib. 2019-cu ildə Zaqatala rayonunda da belə bir Mərkəzin yaradılması nəzərdə tutulub.

Son illərdə BMT  İnkişaf Proqramı, BƏT və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında Niyyət Məktubu imzalanmışdır. Niyyət Məktubunda  ölkəmizdə özünüməşğulluq proqramının həyata keçirilməsi və genişləndirilməsi, milli məşğulluq strategiyasının icra edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin potensialının artırılması daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq etmək istəyi əksini tapır.

2018-ci ilin dekabr ayında isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin vəzifəsini icra edən Alessandro Frakassetti tərəfindən Azərbaycan Hökuməti ilə BMTİP arasında “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsi imzalanıb. Layihənin məqsədi  əlilliyi olan şəxslər üçün özünüməşğulluq fəaliyyətlərini pilot qaydada həyata keçirərək, bu təbəqədən olan 500 şəxsin dayanıqlı biznes qurmasına dəstək göstərmək, iştirakçıların əmək bazarına çıxışla bağlı üzləşdikləri xüsusi problemləri və maneələri nəzərə alaraq sosial və peşə-əmək reabilitasiyasını təmin etmək və s. məqsədinə yönəlib.

1994-cü ildən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin Əhali Fondu arasında fəal əməkdaşlıq həyata keçirilir. Həmin il Qahirədə qəbul edilmiş “Əhali və İnkişaf” üzrə Fəaliyyət Proqramının prinsiplərinin ölkənin ümumən inkişaf strategiyasında nəzərə alınması üçün müvafiq tədbirlər həyata keçirilib. 1999-cu ildə  Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq Azərbaycanda “Demoqrafik İnkişaf Konsepsiyası” və 2004-cü ildə  “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” qəbul olunub. Hər iki sənəddə, habelə yeni «Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı» layihəsində həmin Fəaliyyət Proqramının prinsipləri nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, demoqrafik vəziyyətin qiymətləndirilməsi və dolğun proqnozlar sisteminin yaradılması məqsədilə BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlıq həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında əməkdaşlıq ölkəmizdə “Sosial xidmət haqqında” Qanunun hazırlanmasında, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının ratifikasiyasında, eləcə də sağlamlıq imkanları məhdud uşaqlar və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası sisteminin institusional və texniki baxımdan dəstəklənməsində mühüm rol oynayıb.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə UNİCEF arasında 2014-2015-ci illər üzrə əməkdaşlıq istiqamətlərini əhatə edən birgə Fəaliyyət Planı, “2016-2017-ci illər üçün Uşaq Müdafiəsi və Sosial Müdafiəyə dair Dövri Fəaliyyət Planı” imzalanıb və icra olunub. Həmçinin son illərdə UNİCEF-in təklif və tövsiyələri əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial xidmətlərin inkişafına dair Konsepsiya da hazırlanıb.

Dünyanın ən nüfuzlu maliyyə qurumlarından biri olan Dünya Bankı ilə 1999-cu ildən etibarən başlanmış əməkdaşlıq çərçivəsində ötən dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə  «Azərbaycan Respublikasında Pensiya və Sosial Yardım islahatı», “Pensiya və Sosial Təminat Layihəsi”,  “Sosial Müdafiənin İnkişafı Layihəsi” icra olunub. Dünya Bankının ekspert qrupu tərəfindən ölkəmizdə sosial müdafiə sisteminin inkişafı sahəsində aparılan işlərlə bağlı qiymətləndirmənin nəticələrində Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malik olan və əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən bir sistem kimi qiymətləndirib. Bu, sosial müdafiə sisteminin əhatəliliyi baxımından dünya üzrə müsbət göstəricilərdən sayılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Avropa İttifaqı ilə də Avropa Qonşuluq Siyasəti çərçivəsində daim inkişaf edən əməkdaşlıq əlaqələrinə malikdir. Hələ ölkəmizin dövlət müstəqilliyinin ilk illərindən etibarən Azərbaycanda icra olunmuş Avropa İttifaqının TACİS layihələri respublikada sosial müdafiə sisteminin təkmilləşdirilməsi, dövlət qurumlarına texniki yardım göstərilməsi və digər sahələrdə öz töhfələrini vermişdir. 2004-cü ildən etibarən Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində icra edilən layihələrdən Tvinninq və TAİEX proqramlarına daha çox üstünlük verilmişdir. Ötən dövrdə aktuar hesablamaların, məlumatların təhlili, proqnozlaşdırma, monitorinq, qiymətləndirmə, sosial büdcənin tərtib edilməsi və strateji planlaşdırma sahələrinin, əlilliyi olan şəxslər üçün tibbi-sosial reabilitasiya və sosial xidmət sistemlərinin inkişaf etdirilməsinə, son illərdə pensiya təminatı sistemində islahatın həyata keçirilməsinə dəstək məqsədli Tvinninq layihələri icra olunmuşdur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlıq əlaqələrini daim inkişaf etdirdiyi nüfuzlu beynəlxalq təşkilatlardan biri də Avropa Şurasıdır. 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunan Azərbaycan Respublikası 2002-ci ildə bu təşkilatın “İnsan hüquqlarının və Əsas Azadlıqlarının Qorunması üzrə Konvensiya”sını, 2004-cü ildə Avropa Sosial Xartiyasını ratifikasiya etmişdir. Ümumiyyətlə, ölkəmiz indiyədək Avropa Şurasının insan hüquqları ilə bağlı 60-a yaxın konvensiyasını ratifikasiya etmişdir ki, onların böyük qismi məhz sosial hüquqlarla bağlıdır. Həmçinin Avropa Şurasının “Əlilliyi olan insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı”nın yerinə yetirilməsi istiqamətində də bu təşkilatla əməkdaşlıq həyata keçirilib.

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) ilə də əməkdaşlıq əlaqələri daim güclənir. BSTA dünyanın bütün regionlarından sosial müdafiə və sosial təminat təşkilatlarını bir platformada birləşdirən, ən dinamik sosial sığorta sistemlərinin yaradılması və təşviqi məqsədilə sosial sahənin qarşılaşdığı problemlər, onların həlli yolları, uğurlar və nöqsanlar barədə təcrübə mübadiləsini təşkil edən beynəlxalq təşkilatdır. Assosiasiya həmçinin üzv təşkilatlara informasiya və ekspert dəstəyinin göstərilməsi, praktiki tövsiyələrin verilməsi və s. üzrə tədbirləri həyata keçirir. BSTA-nın 2016-cı ildə keçirilən Dünya Sosial Təminat Forumunda isə sosial təminat sahəsində ölkəmizdə aparılan uğurlu islahatlar, İKT-nin geniş tətbiqi sahəsində Azərbaycanın zəngin və uğurlu təcrübəsi nəzərə alınaraq, Azərbaycan ikinci dəfə BSTA-nın büro üzvü və  Avropa Şəbəkəsinin Rəhbər Komitəsinin üzvü seçilib. Bu Komitəyə Avropa regionundan sosial təminat sahəsində mütərəqqi təcrübəyə malik 13 ölkə daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməyin mühafizəsi sahəsində də mütərəqqi beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulur və nazirliyin əmək müfəttişliyi sahəsində beynəlxalq əlaqələri daim genişlənir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının və Əmək Müfəttişliklərinin Regional Alyansının üzvüdür.

BMT tərəfindən də Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinin Cənub-Cənub Əməkdaşlığı müstəvisində digər ölkələrdə də tətbiqi təşviq olunur. Həmin avtomatlaşdırılmış sistemlər qabaqcıl təcrübə nümunələri kimi BMT-nin “Ərəb ölkələri, Avropa və MDB regionlarında Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Əməkdaşlıq Mexanizmləri və Həllər” adlı portalında yerləşdirilib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi BMT-nin ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2017 Mükafatları” müsabiqəsində  “Çempion layihə”dən biri olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, bu əməkdaşlıq çərçivəsində müvafiq sahələr üzrə qabaqcıl dünya praktikasının öyrənilməsi, təcrübə və məlumat mübadilələlərinin aparılması istiqamətində işlər davam etdirilir.