Ailə başçısını itirməyə görə əmək pensiyası

Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

1.1.1. 18 yaşına çatmamış;

1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil;

1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

1.2. ata, ana, ər, arvad “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud I və ya II qrup əlildirsə;

1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sənədlər:

Şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti;

Ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər;

Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);

Pensiya almaq hüququ olan ailə üzvlərinin doğum haqqında şəhadətnamələrinin surəti;

Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşaqlarına baxan və işləməyən valideynin və ya digər qanuni nümayəndəsinin (babası, nənəsi, qardaşı, bacısı, qəyyumu, himayəçisi) şəxsiyyətini təsdiq edən sənədin surəti;

Vəfat etmiş şəxsin 18 yaşından yuxarı (əyani təhsil alanlar təhsilini bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) uşaqlarının təhsil alması barədə arayışı.

Vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı övladının əlil, ərinin (arvadının) I və ya II qrup əlil olması barədə tibbi-sosial ekspert komissiyasının qərarı. “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanmasına hüquq verən sənədlər əlavə edilir;

Hərbi hissədən, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti orqanlarından və digər aidiyyəti dövlət orqanlarından hərbi qulluqçunun ölüm faktını, ölümün səbəbini və tarixini təsdiq edən, həmçinin hərbi qulluqçunun itkin düşdüyü barədə sənəd (Qanunun 17.2-ci maddəsinə əsasən əmək pensiyası hüququ yarandıqda).