Peşə hazırlığında fasilə yaranmış 520 nəfər işsizə fasilə dövrü üzrə təqaüdlər ödənilir

Peşə hazırlığına cəlb olunmuş, lakin pandemiya ilə əlaqədar peşə hazırlığında fasilə yaranmış 520 nəfər işsiz və işaxataran şəxsə fasilə dövrü üzrə təqaüdlərin ödənişi aparılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların hər birinə fasilə dövrü üzrə aylıq minimum əmək haqqı qədər (250 manat) təqaüd verilir.

Ümumilikdə bu ilin əvvəlindən Nazirlik yanında Dövlət Məşğulluq Xidməti 800 nəfər işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib. Onlardan  pandemiya ilə əlaqədar 520 müdavimin peşə hazırlığında fasilə yaranıb.

Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Xidmət tərəfindən peşə hazırlığına cəlb edilirlər. Bu da onların əmək bazarına çıxışına və məşğulluğunun təminatına imkan yaradır.